Baku Airport

Bakıya çatmağın yolları

HAVA NƏQLİYYATI

Heydər Əliyev Beynəlxalq Hava Limanı Azərbaycanda xidmət göstərən altı beynəlxalq hava limanından biridir. Əvvəllər o, Bakının şəhərətrafı qəsəbəsinin adına uyğun olaraq “Binə Beynəlxalq Hava Limanı” adını daşıyırdı. 10 mart 2004-cü il tarixində adı dəyişdirilərək Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şərəfinə adlandırılmışdır. Hava limanı Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir və şəhərlə əlaqəsi 2008-ci və 2009-cu illərdə istismara verilmiş iki ən müasir avtostrada ilə təmin edilir. Beynəlxalq hava limanında gömrüksüz ticarət mağazaları (duty free) fəaliyyət göstərir. Üstəlik, bir çox beynəlxalq hava limanlarından fərqli olaraq, uçuş hissəsində olduğu kimi, enmə hissəsində da mağazalar vardır. Plastik kartlarla ödənişlər qəbul olunur və həmçinin ödənişlər nağd şəkildə Azərbaycan manatı, ABŞ dolları, avro və rus rublu ilə həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Hava Liman beynəlxalq standartların tələblərinə cavab verir. Bakı şəhərindəki hava limanı coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında və Şimalla Cənub arasında transfer marşrutlar üçün regionda birnömrəli hava limanına çevrilmişdir.

DƏMİRYOLU NƏQLİYYATI

Azərbaycan bir sıra postsovet ölkələri ilə dəmiryolu vasitəsilə əlaqə yaradır. Siz Tiflis, Mahaçqala, Moskva, Tümen, Rostov, Xarkov və s. kimi şəhərlərdən Bakıya və geriyə – həmin şəhərlərə qatar vasitəsilə səyahət edə bilərsiniz. Qeyd edək ki, qatar vasitəsilə Bakıdan digər rayonlara da səyahət etmək mümkündür. Qatarla səyahət digər nəqliyyat vasitələri ilə müqayisədə daha rahat, təhlükəsiz, komfortlu və qiymət baxımından da olduqca münasibdir. “Azərbaycan Dəmir Yolları” ASC-nin rəsmi saytında marşrutlar və qatarların hərəkət cədvəlləri haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.

AVTOBUS İLƏ SƏYAHƏT

Hal-hazırda Bakıdan respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir. Bundan başqa blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında yaşayan həmvətənlərimizə kömək məqsədi ilə Bakı – Naxçıvan marşrutu üzrə hər gün 4 ədəd müasir və hər cür rahatlığı olan iritutumlu avtobus yola salınır. Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərə xidmətin yüksək səviyyədə və keyfiyyətlə aparılması üçün proseslərin avtomatlaşdırılmasında ən müasir informasiya və kommunikasiya texnologiyalarından və proqram təminatından istifadə edir. Hal-hazırda sərnişinlərə bilet satışı və avtobusların yola salınma prosesləri avtomatlaşdırılmış, mərkəzi məlumat bazası yaradılmışdır. Tariflər, şəhərlərarası və beynəlxalq marşrutlar cədvəli haqqında daha ətraflı məlumatı rəsmi saytdan əldə edə bilərsiniz.

ŞƏXSİ AVTOMOBİL İLƏ SƏYAHƏT

Üstəlik, Azərbaycanla həmsərhəd olan Rusiya, Gürcüstan, İran və Türkiyədən Bakıya şəxsi nəqliyyat vasitəsinizlə də səyahət edə bilərsiniz. Əgər siz beynəlxalq avtomobil sürücülük lisenziyasına maliksinizsə, o zaman Azərbaycan ərazisində çox rahat hərəkət edəcəksiniz. Qeyd edək ki, Bakını digər şəhərlər və regionlarla, hava və dəniz limanları, dəmir yolu stansiyaları, turistik istirahət zonaları və xarici ölkələrin giriş nöqtələri ilə birləşdirən mükəmməl, geniş magistral yollar salınmışdır.